Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət mətbuatına elmi baxış
sosial

Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət mətbuatına elmi baxış

28-05-2025 14:00 42 Baxış
IMG
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu Mehin Vəliyeva tərəfindən yazılmış “Dilqəm Əhmədin Azərbaycan mətbuatına dair tədqiqatları” adlı buraxılış işi elmi və ictimai çevrələrdə maraqla qarşılanıb. 
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünün qeyd olunduğu bu günlərdə, mövzuya təkcə tarixi deyil, publisistik və arxiv yönümlü yanaşma gətirən bu tədqiqat işi, milli mətbuat tariximizin dəyərli mərhələlərindən birinə işıq tutur.
 
Məzun araşdırmasında XX əsrin əvvəllərindən bu günə qədər Azərbaycan Xalq Cümhuriyyəti, mühacirət dövrü və bu dövrün mətbu irsi ilə bağlı tədqiqatları ilə tanınan jurnalist, tədqiqatçı və kolleksiyaçı Dilqəm Əhmədin fəaliyyətini təhlil edib. Diplom işində müəllifin nəşr etdirdiyi “Fərqlilər”, “Mühacirlərin dönüşü”, “Bir ildən yüz ilə”, “Milliyyəti Türk” və digər kitablarla yanaşı, onun təşəbbüsü ilə fəaliyyət göstərən “Çapar” tarix dərgisi və şəxsi arxivindəki nadir sənədlər də elmi əsaslarla araşdırılıb.
 
Mehin Vəliyeva:
“Bu diplom işi mənim elmi inkişaf yolumun başlanğıcı oldu. Mühacirət tarixi, Cümhuriyyət dövrü və milli mətbuatın tədqiqi sahəsində araşdırma aparmaq mənə həm fərdi, həm də vətəndaş olaraq məsuliyyət verdi. Dəyərli tədqiqatçımız Dilqəm Əhmədin fəaliyyəti bu sahəyə yeni nəfəs gətirir və gənc tədqiqatçılar üçün ciddi ilham mənbəyidir.”
 
Tədqiqat işində Azərbaycanın müstəqillik dövründə bu sahədə atılan addımlar, xüsusilə mühacir irsinin yenidən elmi dövriyyəyə gətirilməsi kontekstində aparılan fəaliyyətlər nəzərdən keçirilib. Diplom işi, yalnız tarixi faktların təqdimatı ilə kifayətlənmir, eyni zamanda elmi-metodoloji baxış və arxivçilik yanaşması ilə fərqlənir.
 
Məzun qeyd edir ki, bu tədqiqat işinin ərsəyə gəlməsində bir çox elmi şəxslərin və müəllimlərin əməyi olub:
 
“Diplom işimin hazırlanması prosesində Milli Mətbuat Tarixi kafedrasının dəstəyi əvəzsiz oldu. Xüsusilə kafedra müdiri Prof. Cahangir Məmmədli, elmi rəhbərim – mənə arxivlərlə necə işləməyi, tədqiqat aparmağın əsas prinsiplərini öyrədən dosent Qərənfil Dünyəminqızı, və diplom işimin rəyçisi olmuş, bu sahədə böyük irs qoymuş mərhum tədqiqatçı Nəsiman Yaqubluya dərin minnətdarlığımı bildirirəm. Onların elmi dəstəyi və mənəvi yönləndirməsi bu işi gerçəkləşdirməyimdə mühüm rol oynadı.”
 
Qeyd edək ki, diplom işi Azərbaycan mətbuat tarixinin, xüsusən də mühacirət dövrünün araşdırılması baxımından həm elmi-nəzəri, həm də arxiv-praktik əhəmiyyət daşıyır. Tədqiqat gələcəkdə bu sahədə çalışan tələbə və araşdırmaçılar üçün mənbə xarakterli bir iş kimi qiymətləndirilə bilər.