Çin texnoloji şirkəti "Xiaomi" elektrik avtomobil seriyasının ikinci modeli olan "YU7"ni təqdim edib.
Tvit.az xəbər verir ki, bu modelin rəsmi təqdimatının 2025-ci ilin iyun və ya iyul aylarında keçirilməsi planlaşdırılır.
"YU7" 4999 mm uzunluq, 1996 mm en və 1600 mm hündürlük kimi ölçülərə malikdir. 3000 mm təkər bazası ilə böyük salon həcmi təqdim edən modelin quru çəkisi 2405 kq-dır. "YU7"nin performansı 253 km/saat sürətə çata bilən iki motorlu versiyası ilə də kifayət qədər iddialıdır.
Elektrikli yolsuzluq avtomobilinin ön və arxa oxları müvafiq olaraq 220 kVt və 288 kVt güc istehsal edən mühərriklərə malikdir. Ümumilikdə təxminən 700 at gücü təmin edən bu versiya yüksək performans axtaran sürücülər üçün ideal seçim kimi görünür. "YU7", həmçinin "CATL" tərəfindən təmin edilən nikel manqan kobalt batareya paketi ilə enerji ehtiyacını ödəyəcək . Lakin hazırda akkumulyatorun tutumu haqqında məlumat yoxdur. "Xiaomi" "YU7"nin təqdimatı ilə elektrikli avtomobil satışlarını artırmağı hədəfləyir.
Aysel Şirinova