17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

“Əngəllərə baxmayaraq haqqımızı sona qədər almağa çalışacağıq…”-Nurlan İbrahimov

“Öncə susdum… Susdum ki, ölkə tariximizin ən şanlı mübarizəsində fərd olaraq durumum ümummilli maraqlara toz olmasın…”.

Tvit.az saytının məlumatına görə, bu sözlər UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılan Azərbaycan çempionu “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova məxsusdur.

Ömürlük diskvalifikasiya olunduqdan sonra məsələ ilə bağlı susan klub rəsmisi sükutu feysbuk paylaşımı ilə pozub. İbrahimov dəstək üçün hamıya təşəkkür edib: “Amma Azərbaycan xalqı o qədər möhtəşəmdir ki, bunu yazmaya bilməzdim… Son 2 ayda yazan, zəng edən, axtaran, tanıyan-bilməyən, adımı taq edib-etməyən, 7–77-yə, etnik fərq etmədən, dünyanın 4 bir yanından, diplomatından, məmurundan tutmuş, əyalətdə yaşayan sadə vətəndaşa qədər dəstəyiniz o qədər inanılmaz idi ki…”.

İbrahimov hələ heç nəyin bitmədiyini, mübarizənin davam etdiyini vurğulayıb: “Əlbəttə, taleyimizə yazılmışsa bir gün qələmə alacağım kitabda Azərbaycan insanın dünyaya sığmayan ürəyini, incəliyini, həssaslığını zərrə-zərrə sətirlərə tökəcəyəm. Acısına rəğmən vətən müharibəsinin iştirakçılarının diqqətini, şəhid ailələrinin dəstəyini, cibindəki təqaüdünü təklif edən, işlərində bürokratik sərhədləri aşaraq dəstək verən, sözlə, dillə, canla, göz yaşıyla dəstək olan insan(lığ)ımızın qarşısında təzim edirəm… Bu zaman aralığında sayagəlməz qədər eşitdiyim “Sənin üçün nə edə bilərəm?” ifadəsindəki dünya boyda Azərbaycandır bu vətən insanı… Əlbəttə, heç nə bitməyib, mübarizə davam edir. Süni bürokratik əngəllərə baxmayaraq haqqımızı sona qədər almağa çalışacağıq… Azərbaycan(lılar) möhtəşəmdir, daha da möhtəşəm olacaq…”.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Artıq qitə futbol qurumunun Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən cəza ilə bağlı apelyasiya müraciəti olunub. UEFA-nın şikayətə yaxın günlərdə baxması gözlənilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR