Bakının Nərimanov rayonunda yerləşən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, mediada yayılan videogörüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 132 ünvanında yerləşən, fiziki şəxs Zülfü Rəşid oğlu Vəliyevə məxsus "Zülfü Ustanın Dönəri" ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Həmçinin, qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

Baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu pirojki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı, qanunvericiliyə uyğun olaraq, müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Xatırladaq ki, oktyabrın 3-də saytımızda həmin müəssisədə siçovulun pirojki yediyi anın görüntüləri yayımlanmışdı.