Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial Ev almaq adı ilə qeyri-rəsmi yaşadığı qadının 75 min manatını ələ keçirdi
sosial

Ev almaq adı ilə qeyri-rəsmi yaşadığı qadının 75 min manatını ələ keçirdi

06-11-2024 12:00 58 Views
IMG

Bakıda qeyri-rəsmi münasibətdə yaşadığı qadına qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Şahin Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti  baxış iclası keçirilib.

"Tvit.az"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Onun sözlərinə görə, zərərçəkmiş şəxsi tanıyır və onunla bir neçə il qeyri-rəsmi münasibətdə yaşayıb:

"Hüquq mühafizə orqanlarında işləmişəm. Özüm ailəliyəm, 2 övladım var. Zərərçəkmiş Ülviyyə Rzayeva (ad şərtidir) ilə 2020-ci ildə tanış olmuşuq. 1 ay olardı tanış olmuşduq, mənə evlərini satmaq istədiyini və yeni ev axtardığını bildirdi. Həmin dönəmdə Aydın adlı dostum  Binəqədi rayonunda həyət evi satırdı. Evin qiyməti isə 100 min manat idi. Həmin ev Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşirdi. 1 mərtəbəli, kürsülü 5 otaqlı ev idi. Torpağın sənədi, eləcə də evin özünün çıxarışı yox idi. Evə baxış zamanı Aydının yanında dedi ki, əlimdə 60 min manat var, qalan 40 min manatı da yaya qədər ödəyib qurtaracam. Mən o evin pulunu, yəni 60 min manatı qara sellafonda dostum Aydına verib, açarı isə Ülviyyəyə təqdim etdim. Lakin Ülviyyə yerdə qalan vəsaiti gecikdirdi. Aydın da mənə tez tez zəng edib pulu istəyirdi. Aydınla aramızda bu məsələyə görə söz-söhbət oldu. Daha sonra bunları çıxartdım başqa yerə kirayə gətirdim. Aydından pulu hissə alırdım. Ondan 9 min alıb gətirib verdim xanıma. Mən ümumilikdə zərərçəkmişə 42 min manat pul vermişəm. İstintaq dövründə isə 20 min manat vermişəm".   

Qeyd edək ki, Şahin Mehdiyev barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Məhkəmənin növbəti iclası 20 noyabr tarixinə təyin edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, cinayət işində ümumi dəymiş ziyanın miqdarı 75 min manatdır.