Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Bu barədə Report-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Slavin - İkinci Dünya Müharibəsi abidəsi"ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayiş etdirib.
Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.