Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə İlham Mirzəliyev təyin edilib.
Yeni sədrin dosyesini təqdim edir:
İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndis ixtisasına malik olan İlham Mirzəliyev, eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur. O, istilik təsərrüfatı sahəsində uzun illər boyunca rəhbərlik və idarəçilik təcrübəsi ilə tanınan peşəkar mütəxəssisdir.
Əmək fəaliyyətinə 1982-ci ildə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis olaraq başlayan İlham Mirzəliyev, burada planlaşdırma və əmək üzrə böyük iqtisadçı vəzifələrini icra etmiş, daha sonra direktor müavini kimi fəaliyyət göstərmişdir.
2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı İstilik Şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik İdarəsində rəis müavini, daha sonra isə Bakı şəhər İstilik İdarəsində rəis müavini vəzifələrini yerinə yetirmişdir.
2005-ci ildən başlayaraq “Azəristiliktəchizat” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən İlham Mirzəliyev, 2022-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu şirkətin sədrinin vəzifələrini müvəqqəti icra etməyə başlamışdır. 2025-ci ildə isə İlham Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub.
2015-ci ilin 9 aprel tarixində İlham Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
İlham Mirzəliyev ailəlidir və iki övladı var./Milli.Az/