Apple şirkəti Vision Pro, Siri və proqram təminatı bölmələrində çalışan təxminən 200 əməkdaşını işdən çıxarıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ixtisarlar şirkətin müxtəlif bölmələrini, o cümlədən Vision Pro qarışıq reallıq qulaqlığı, Siri və proqram təminatı mühəndisliyi komandalarını əhatə edib.
Məlumata görə, işdən çıxarılanların təxminən 100-ü birbaşa Vision Pro bölməsində çalışıb. Apple bu çərçivədə Vision Pro üçün oyunlar hazırlayan komandanı əsasən bağlayıb, platforma üçün video hazırlayan bölmədə isə ixtisarlar aparıb.
Şirkət bundan sonra Vision Pro üçün daha az eksklüziv video məzmun hazırlamağı və üçüncü tərəf kontent yaradıcılarına daha çox imkan verməyi planlaşdırır.
Siri və proqram təminatı komandalarında da təxminən 100 iş yeri ixtisar edilib. Bildirilir ki, bu qərar Siri-nin yeni süni intellekt əsaslı arxitekturaya keçirilməsi ilə əlaqədardır.
Apple açıqlamasında bildirib ki, yeni vəzifələr yaradılacaq və dəyişikliklər mövcud vəzifələrin yalnız məhdud hissəsinə birbaşa təsir edəcək. Şirkət ixtisara düşən əməkdaşlara keçid dövründə dəstək veriləcəyini və onların şirkət daxilində digər vakansiyalara müraciət edə biləcəyini qeyd edib.
Aysel Şirinova