Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, bir qrup britaniyalı hərbi planlaşdırma zabiti Qəzzada sabitliyin təmin olunmasına dəstək məqsədilə ABŞ rəhbərliyində fəaliyyət göstərən işçi qrupuna qoşulub.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Qəzza atəşkəsi ilə bağlı vasitəçilik edən ABŞ, Misir və Qətər bu həftə İsraillə HƏMAS arasında əldə olunmuş ilkin atəşkəsin qorunması və ABŞ prezidenti Donald Trampın 20 bəndlik atəşkəs planının irəliləməsi üçün səylərini artırıblar.
ABŞ-ın dəstəklədiyi sabitlik qüvvəsi “Mülki-Hərbi Koordinasiya Mərkəzi” (CMCC) adlanan bazada yerləşir və onun əsas məqsədi Qəzzada təhlükəsizliyi təmin etməkdir. Lakin bu qüvvənin tərkibi, vəzifələri, komandanlıq zənciri və hüquqi statusu kimi məsələlər hələ razılaşdırılmayıb.