"ABŞ Çin qarşıdurmasının müharibə ilə davam edəcəyinə inanmıram. Tərəflərin qarşıdurması iqtisadi təzyiqlərlə davam edə bilər".
Tvit.az xəbər verir ki, bu sözləri politoloq Sədrəddin Soltan ABŞ-nin rəhbəri Donald Trampın NATO ölkələrinə Rusiyadan neft alışını dayandırması və Çinə tariflər tətbiq etməsi ilə bağlı ünvanladığı məktubu şərh edərkən deyib.
Politoloq bildirib ki, dünyanın iki atom dövlətinin biri birinə qarşı müharibə etməsi dünyanı fəlakətli vəziyyətə sürükləyə bilər. Bu isə daha çox Çin üçün problem yaradar:
"Çinin daxilində ictimai siyasi vəziyyət iqtisadiyyata bağlıdır. İqtisadiyyatın zəifləyəcəyi və ya Çinin hər hansı böyük münaqişələrə cəlb ediləcəyi halda mərkəzdənqaçma güclənə, sosial siyasi münaqişələr yarana bilər. Digər tərəfdən Çinə qarşı Tayvan problemi də var. Odur ki, Çinin ABŞ ilə müharibə aparacağı ehtimalı inandırıcı deyil. Amma Çinin ABŞ-lə müharibəyə hazırıq ifadəsi də bir qədər ritorikdir. ABŞ Çinlə müharibə aparmaq niyyətində deyil".
Politoloq əlavə edib ki, ümumiyyətlə, ABŞ dünyada heç kimlə birbaşa olaraq müharibə aparmayıb və bu istiqamətdə də fəaliyyət göstərmir.
Ona görə Çin hesab edir ki, ətrafındakı Şimali Koreya Rusiya İran kimi qüvvələrlə birləşib bir blok halında Qərbə NATO-ya qarşı müharibə apara bilər. Bu inandırıcı deyil, avantüradır.
"Bütün qüvvələrin hər biri Qərblə ticarət əlaqəsində olub, texnoloji və s. baxımından da Qərbdən asılı vəziyyətdədirlər. Onların hamsını Çinin əvəzləməsi qeyri -mümkündür. Hər halda böyük güclərin müharibəsi yaxın zamanda gözlənilmir. NATO qüvvələri də müharibə aparmaq niyyətində deyil. Ukrayna hadisələri göstərdi ki, NATO müharibə aparmaq gücündə və marağında deyil. NATO sovetlərə qarşı yaradılmış təşkilatdır. Onun daxilində islahatlara ciddi ehtiyac var. Bu baxımından nə NATO nə ABŞ, nə də Çin onun ətrafındakı qüvvələrin biri-biri ilə açıq şəkildə müharibə etməsi mövcud şəraitdə ağlabatan sayılmır", - deyə Sədrəddin Soltan əlavə edib.
Aysel Şirinova