15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Nizami Gəncəvi Beynəlxalq Forumunun açılışı olub

Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun açılışı olub.

Tvit.az-ın məlumatına görə, “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib ki, Nizami Gəncəvi Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük filosof, şair və mütəfəkkirdir.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Nizami Gəncəvidən qalan dəyərlər Azərbaycan dövləti və xalqı tərəfindən yaşadılır: “Nizami bizim üçün təkcə mütəfəkkir yox, həm də körpü rolunu oynayır. Onun bizə qoyduğu miras mədəniyyətləri yaxınlaşdıran vasitə olub”.

Türkiyənin Mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy deyib ki, Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək: “Biz, türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza sahib çıxmağın məsuliyyətini daşıyırıq. Bir olub minlərlə illik tariximizə birlikdə sahib çıxacağıq.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib ki, dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil: “Nizami yaradıcılığı özbək dilinə də tərcümə edilib və araşdırılıb”.
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Nizami öz əsərləri ilə müxtəlif dinləri, xalqları birləşdirə bilmişdi. O deyib ki, Nizami əsərlərində insan həyatının çox maraqlı tərəflərini başa düşməyə imkan yaratmış, həm özünü bilməyin, həm də özünü dərk etməyin yolunu göstərmişdi”.

Sonda “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” Beynəlxalq Forumunda səkkiz bənddən ibarət “Nizami Gəncəvi” Birgə Kommünikesi qəbul olunub.

Qeyd edək ki, Beynəlxalq Forum Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub. Noyabrın 26-dək davam edəcək Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR