15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Havanın kəskin dəyişməsi astma xəstələrində narahatlıq yaradır

Havanın kəskin dəyişməsi sağlam insanlara neqativ təsir göstərmir.

Tvit.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya deyib.

Həkimin sözlərinə görə, lakin müəyyən qrup insanlar var ki, onlarda narahatlıqlar yarada bilir: “Müəyyən qrup dedikdə buraya uşaqlar, hamilə qadınlar, yaşlı və xroniki xəstəliyi olan insanlar aiddir. Havanın soyuqdan istiyə keçməsi zamanı insanlar birdən-birə yaz geyiminə keçir, hava qəfil soyuduqda isə onlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür”.

Həkim bildirir ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın kəskin dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar: “Çünki insanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın qəfil dəyişməsi bəzi insanlarda stress yaradır. Bu stress ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir”.

Könül Bənənyarskaya belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görür: “Bir həkim kimi məsləhətimiz budur ki, dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etsinlər. Həmçinin çox tərləmədən qorunmalıdırlar. Bu daha çox uşaqlara aiddir, çünki mövsümi hava dəyişkənlikləri ilə əlaqədar uşaqlarda qrip, soyuqdəymə infeksiyaları artır”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR