Sanki "Neftçi"dən heç getməmişdim.
Tvit.az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.
46 yaşlı mütəxəssis yenidən paytaxt klubunu çalışdıracağı üçün məmnun olduğunu bildirib:
"Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim ki, öz evimə geri dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".
Azərbaycan millisinin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib:
"Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür".