Qazaxıstan Senatının deputatları bu gün Respublikanın İlk Prezidenti Gününü dövlət bayramları siyahısından çıxarmaq barədə qanun qəbul ediblər.
Tvit.az APA-ya istinadən xəbər verir ki, parlamentin iclası qanunverici orqanın rəsmi internet səhifəsində yayımlanır.
Senatın sosial-mədəni inkişaf üzrə komitəsinin qərarında deyilir ki, 1 Dekabr – Respublikanın İlk Prezidenti Günü”nü dövlət bayramları siyahısından çıxarmaq təklif olunur. Kinematoqrafiya, mədəniyyət və bayramlar haqqında qanunvericilik aktlarına müvafiq dəyişikliklər ediləcək.
Bundan əlavə təklif olunur ki, 25 oktyabr – Respublika Günü ümumxalq bayramı, 16 dekabr – Müstəqillik Günü isə dövlət bayramı kimi müəyyən edilsin.
Xatırladaq ki, indiyə qədər Müstəqillik günü ümumxalq bayramı statusuna malik idi. Parlamentin Məclisinin (aşağı palata) deputatları sentyabrın 7-də İlk Prezident Gününün yüksək ictimai əhəmiyyətə malik olan bir sıra əlamətdar tarixlər kimi müəyyən edilməsini və dövlət bayramları siyahısından çıxarılmasını təklif ediblər.