Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home siyasət Azərbaycan və ərəb ölkələri arasında əlaqələrin daha dərin inkişaf etdirilməsi üçün atılacaq addımlar nələrdən ibarətdir?
siyasət

Azərbaycan və ərəb ölkələri arasında əlaqələrin daha dərin inkişaf etdirilməsi üçün atılacaq addımlar nələrdən ibarətdir?

17-10-2024 22:00 140 Views
IMG

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri mütəmadi olaraq ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında ərəb ölkələri ilə əməkdaşlıq edir. 

Dövlətimiz ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu baxımdan, ərəb dövlətləri ilə ölkəmiz arasındakı münasibətlərdə yeni mərhələnin başladığını deyə bilərik.Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər isə xüsusilə diqqət çəkir. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. İki ölkə arasında münasibətlərin dostluq zəminində inkişafı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Heydər Əliyev bunu yaxşı dərk edirdi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini münaqişədir və Azərbaycan Dağlıq Qarabağda xristian dinindən olan erməniləri orada sıxışdırmaqla məşğuldur. Buna qarşı isə guya Qarabağda yaşayan ermənilər öz haqlarını tələb edirlər. 

Eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlı qaçqın və məcburi köçkünləri zəruri ehtiyaclarını tamamilə ödəmək yenicə müstəqillik əldə edən Azərbaycan dövlətinin iqtisadi imkanları xaricində idi. Mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı İslam fondları, yardım cəmiyyətlərini də bu prosesə cəlb etmək, onların azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi.

Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Bu ölkənin "Dar əl-Bir" Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib. Ölkəmizin ərəb dövlətlərinin beynəlxalq təşkilatı olan Ərəb Dövlətləri Liqası (ƏDL) ilə də dərin əməkdaşlıq əlaqələri var. Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma Memorandumları əsasında əməkdaşlıq edir. Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin yaxşılaşması isə investisiya və ticarət əlaqələrinin artması ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, Ərəb Liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hissəsi iqtisadi cəhətdən varlı ölkələrdir. Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm rol oynayacaq. Azərbaycanın bitki və heyvan mənşəli, hazır ərzaq məhsulları iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr üçün potensial bazardır. Zəngin neft-qaz resurslarına malik olan ərəb ölkələrinin bazarında ciddi rəqabətin olması şübhə doğurmur. Sözügedən ölkələrin ərzaq məhsullarına olan tələbini nəzərə alaraq, ərəb ölkələrinə ixracı diversifikasiya etmək mümkündür.


Mehdiyev Mürsəl